Sosial siyasət Azərbaycan dövlətinin daxili siyasətinin mühüm tərkib hissəsi, prioritet istiqamətidir. Əhalinin sosial rifah halının qorunması və yüksəldilməsi cənab Prezident İlham Əliyevin daim diqqəti mərkəzində olan məsələlərdən biridir. 2018-ci ildə növbəti dəfə xalqının böyük etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyev ölkəmizdə dərin sosial islahatlara başladı.
Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı 40-dan çox fərman və sərəncamla ölkə əhalisinin əksəriyyətini əhatə edən 3 sosial islahat zərfi icra olunmuşdur və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir.
Bu islahatların nəticəsində son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artmışdır. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş vermişdir. Aparılan islahatlar sosial ədalətə və sosial rifaha hədəflənməklə çoxşaxəlidir, ardıcıldır və şəhid ailələrini, Qarabağ qazilərini, veteranları, valideyn himayəsindən məhrum uşaqları, yoxsulları, işsiz şəxsləri və digər həssas qrupları tam əhatə etməkdədir.
Prezident İlham Əliyevin 2018- ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" sözləri yaşadığımız həyatda öz təsdiqini tapıb, gerçəkliyə çevrilib.
Sosial siyasətin mühüm tərkib hissələrindən biri də sosial sahələrin idarə edilməsidir. Bu ayrıca bir elm sahəsi olmasa da, sistemli şəkildə araşdırmaların, tədqiqatların mövzusu kimi elm adamlarının və siyasətçilərin diqqətini daha çox cəlb etməkdədir.
Sosial idarəetmə sahəsində mütərəqqi təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi təşəbbüsləri təqdirəlayiqdir. Son illərdə ölkəmizdə bu sahəyə marağın artması, milli kadrların hazırlanması, sosial idarəetmə və xidmət strukturlarında islahatların aparılması da diqqət çəkən məqamlardandır. Eyni zamanda bu sahədə görüləsi işlər, doldurulası boşluqlar da kifayət qədərdir.
Siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin bu günlərdə çapdan çıxmış "Sosial sahələrin idarə edilməsi" adlı monoqrafiyası bu baxımdan çox əhəmiyyətli və faydalı nümunədir.
Azərbaycanın elmi və siyasi mühitində yaxşı tanınan Hadi Rəcəbli müasir Azərbaycan dövlətinin sosial siyasətinin formalaşmasında, xüsusən bu sahədə qanunvericilik bazasının yaradılmasında böyük xidmətləri olan şəxslərdən biridir. I-V çağırış millət vəkili və Milli Məclisin komissiya və komitə sədri olmuş Hadi Rəcəbli uzun illər sosial siyasət, sosial münasibətlər, sosial sahələrin dövlətin və cəmiyyətin həyatında yeri və rolu kimi məsələlərin nəzəri, hüquqi, elmi cəhətdən öyrənilməsi, araşdırılması və tətbiqi istiqamətində çalışmışdır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabiq sədri kimi Hadi müəllim sosial sahələrdə, habelə əmək münasibətləri sahəsində qanunvericilik bazasının formalaşmasında, xüsusilə bu sahələrdə çərçivə qanunların hazırlanmasında həm bir alim kimi, həm də bir siyasət adamı olaraq böyük töhfələr vermişdir.
İctimai-siyasi fəaliyyəti ilə yanaşı, Hadi müəllim həm də elmi yaradıcılıq və pedaqoji fəaliyyətlə də məşğul olmuş, sosial sahədə mütəxəssis kadrların hazırlanmasında yaxından iştirak etmişdir.
Hal-hazırda ömrünün müdriklik çağını yaşayan Hadi müəllim həmişə olduğu kimi, yenə də fəal həyat mövqeyində dayanır, elmi-ictimai fəaliyyətini davam etdirir, yorulmadan sosial sahələrlə bağlı tədqiqatlar aparır, yenilikləri mənimsəyir, bilik və təcrübəsini öz tələbələri ilə məmnuniyyətlə paylaşır.
Bu günlərdə işıq üzü görən, sosial sahələrin öyrənilməsinə və təşkilinə həsr olunmuş dəyərli monoqrafiyanı professor Hadi Rəcəblinin növbəti uğuru hesab etmək olar.
"Sosial sahələrin idarə edilməsi" adlı bu fundamental tədqiqat əsəri ölkəmizdə son zamanlar geniş öyrənilən və tətbiq
edilən sosial xidmət, sosial iş, sosial tərəfdaşlıq, sosial məsuliyyət, insan resursları məsələlərinə həm elmi-nəzəri, həm də tədris-təcrübə yönümlü konseptual baxışı ortaya qoymuşdur. Uzun illərin pedaqoji və idarəçilik təcrübəsi, qanunvericilik praktikası, nəzəri biliklər, 154 elmi ədəbiyyatın araşdırılması nəticəsində ortaya çıxmış 394 səhifəlik bu monoqrafiya problemə sistemli yanaşması ilə seçilən son illərin ən uğurlu tədqiqat işlərindən biri kimi qiymətlidir.
Kitab giriş hissədən, bir-biri ilə bağlı 12 fəsildən və nəticə hissədən ibarət olmaqla çox oxunaqlı bir şəkildə tərtib edilmişdir. Kitabda sosial siyasət, onun formalaşması, məqsədi, istiqamətləri, hədəfləri kimi məsələlər sistemli şəkildə şərh edilir.
Sosial siyasət insanlar arasında münasibətlərin tənzimlənməsinə, əhalinin həssas qruplarına yardımın göstərilməsinə, yoxsulluğun azaldılmasına və cəmiyyətdə yüksək rifahın əldə edilməsinə yönəlmiş tədbirlər sistemidir.
Dövlətin sosial funksiyalarından birincisi müvafiq siyasətin həyata keçirilməsi yolu ilə mənfəətlərdə kəskin fərqi azaltmaq və bu əsasda insanları lazımi həyat səviyyəsi ilə təmin etmək üçün cəmiyyət üzvlərinin gəlirlərinin bölgüsündən ibarətdir.
Dövlət siyasətinin əsas funksiyalarından biri də əhalinin məşğulluğunun tənzimlənməsi, sosial müdafiəsi və sosial ədalətə nail olunması üçün tədbirlər və proqramların həyata keçirilməsidir.
Kitabda sosial sahələrin mahiyyəti, vəzifələri və funksiyaları, strukturu və sistem təminatı kimi məsələlər əhatəli şəkildə tədqiq və ifadə olunmuşdur.
Monoqrafiyada sosial siyasətin səmərəli sosial müdafiə sisteminin formalaşdırılmasına xidmət edən aşağıdakı sahələri prioritet kimi göstərilir:
- əhalinin ən yoxsul təbəqələrinə, yəni müstəqil şəkildə minimum yaşayış səviyyəsini təmin etmək imkanına malik olmayan və ya hələ də təmin etməyənlərə dəstək;
- əmək hüququnun təmin edilməsi;
- əhalinin məşğulluğunun tənzimlənməsi.
Dövlətin sosial siyasətinin ən mühüm istiqaməti sosial müdafiədir ki, bu da müxtəlif fəaliyyət sahələrində vətəndaşların minimum zəruri sosial müavinətlərə çıxışının təmin edilməsinə və sosial təminatların dəstəklənməsinə yönəlmiş tədbirlər kimi xarakterizə edilə bilər. Sosial müdafiə tədbirlərinin həyata keçirilməsinin normativ hüquqi əsasını bir sıra qanunlar, qərarlar və digər normativ hüquqi aktlar təşkil edir. Aydındır ki, vətəndaşların ən həssas təbəqələrinin, əlillərin və aztəminatlı əhalinin müdafiəsi sahəsində dövlət siyasəti bu sahənin maliyyələşdirilməsində və sosial infrastrukturun inkişafında müşahidə olunan regional fərqlərin bərabərləşdirilməsinə yönəldilməlidir.
Sosial sahələrin təşkilati əsasları adlanan ikinci fəsildə sosial qruplar və onların təsnifatlanması, sosial sferada dövlət və özəl sektorların əməkdaşlığı, sosial sahələrdə sahibkarlıq fəaliyyəti, o cümlədən sahibkarların cəmiyyət qarşısında sosial məsuliyyəti, biznes və sosial öhdəliklər məsələsi aydın, anlaşılan bir dildə izah olunur, sosial sahədə sahibkarlığın inkişafı üçün əsas şərtlər aşağıdakı kimi sıralanır:
- bu fəaliyyət növü ilə məşğul olmaq üçün imkanlar yaradan qanunvericilik bazası;
- mülkiyyət münasibətlərinin dəyişməsi və subyektin (sahibkarın) fəaliyyətinin mənfəət əldə etməyə yönəlməsi;
- büdcədən sosial sahəyə daxil olan maliyyə vəsaitlərinin tədricən azalması;
- sosial sferada bir sıra yeni xidmətlərə tələbatın ödəmə qabiliyyətini formalaşdıran əhalinin zəngin təbəqələrinin meydana çıxması.
Monoqrafiyada ölkəmiz üçün yeni təcrübə və meyillər kimi meydana çıxan sosial sahibkarlığın hüquqi əsasları, iqtisadi və qanunvericilik bazası, xidmət sahələri, təşkilatçılıq istiqamətləri ətraflı araşdırılmışdır.
Məlumdur ki, sahibkar mənfəət əldə etmək məqsədilə kredit və ya öz vəsaitləri hesabına məhsul istehsalı və ya xidmətlərin göstərilməsi üzrə fəaliyyəti təşkil edən subyektdir. Sahibkarın xarakterik xüsusiyyətləri ilkin kapitalın formalaşmasında və müəssisənin idarə edilməsində iştirak, icra nəticələrinə görə məsuliyyət, inkişaf strategiyasını seçərkən qərar qəbul etmək, mənfəəti bölüşdürmək və istifadə etmək hüququdur.
Kitabda sosial sahədə sahibkarlığın aşağıdakı istiqamətlərdə inkişafı qeyd edilir:
- əsas fəaliyyət istiqamətləri çərçivəsində əlavə xidmətlər (məsələn, fərdi kompüter istifadəçilərinin hazırlanması, xarici dillərin öyrənilməsi, idman qurğularının kommersiya məqsədləri üçün istifadəsi, məktəbdə kompüter kurslarının yaradılması);
- əsas fəaliyyətlə bağlı xidmətlər (məsələn, universitet onun nəşr etdiyi dərslikləri satır);
- əsas fəaliyyətinə aid olmayan xidmətlər (icarəyə götürülmüş bina və avadanlıqlar).
Sahibkarlığın normativ hüquqi bazası aşağıdakılardan ibarətdir:
- əmlak və icarəyə dair qanunvericilik normaları;
- sahibkarlıq fəaliyyətinin mümkün növləri üzrə qanunvericilik normaları;
- vergi qanunvericiliyi;
- müəllif hüquqlarının qanunvericilik normaları;
- istehlakçıların hüquqları haqqında qanunvericilik.
Sosial sahibkarlıq bizneslə xeyriyyəçiliyin kəsişməsində olmaqla cəmiyyətin mühüm sosial və mədəni problemlərini həll edir, həmçinin sosial cəhətdən həssas vətəndaş kateqoriyalarının uyğunlaşmasına şərait yaradır. Eyni zamanda bu iş növü öz sahiblərinə də qazanc gətirə bilər. Bu gün sosial sahibkarlar cəmiyyətində üç sahə üzrə olduqca aktualdır. Birincisi, bunlar fərqli yaşda olan insanlar üçün müxtəlif formatlarda təhsil xidmətləridir. İkincisi, əqli və fiziki qüsurlu insanların məşğulluğudur. Üçüncüsü isə, insanların ətraf mühitin mühafizəsi məqsədini daşıyan ekoloji layihələrdir.
Monoqrafiyada dövlətin sosial siyasətinin prioritet istiqamətləri, idarəetmə sahəsində xüsusiyyətlər, prinsiplər, təcrübə və problemlər də lakonik, lakin bütöv şəkildə, konseptual baxış bucağından şərh edilmişdir.
Kitabda göstərilir ki, sosial sahələrin idarə edilməsi xüsusiyyətlərini bilmədən, sosial sahələrin idarə edilməsində dövlətin rolunu qiymətləndirmədən, sosial sahələrin inkişafında dünya təcrübəsini mənimsəmədən effektli nəticəyə nail olmaq mümkün deyildir. Sosial sahələrin idarəedilməsi problemlərini uzun illər tədqiq edən professor Hadi Rəcəblinin qənaətincə, idarəetmə nəzəriyyəsi və praktikasının inkişafı, sosial sferada idarəetmənin hüquqi əsasları, sosial sferanın idarə edilməsinə investisiya qoyuluşu məsələləri dinamik bir proses olduğundan daim təkamül pillələrində yenilənən biliklərin və təcrübələrin məcmusunu təşkil edir. Sosial sahədə idarəetmə funksiyası aşağıdakı sahələrdə müvafiq siyasətin formalaşdırılmasından və fəaliyyətlərin əlaqələndirilməsindən ibarətdir. Bu, əmək münasibətlərindən, əhali strukturlarından, məşğulluq və miqrasiya məsələləri, əhalinin həyat səviyyəsi və keyfiyyəti, sosial təminatların yönəldilməsindən ibarətdir. Onun səlahiyyətlərinə ahılların və əlillərin, uşaqlı ailələrin, ehtiyatda olan hərbi qulluqçuların sosial müdafiəsi sahəsində dövlət siyasətinin işlənib hazırlanması və əlaqələndirilməsi, sosial sığorta, pensiya təminatı, sosial təminatların və kompensasiyaların ödənilməsi kimi məsələlər daxildir.
Sosial sahələrin maliyyələşməsi, xərclərin optimallaşdırılması məsələləri də idarəetmə qədər mühüm və aktualdır. Bu sahədə gəlirlərin formalaşması və iqtisadi münasibətlərdə xüsusiyyətləri, əhaliyə sosial dəstək siyasətinin tətbiq edilməsi mexanizmləri, sığorta tipli maliyyələşdirmələr mühüm tərkib hissələr kimi nəzərdə tutulur.
Sosial münasibətlərin dinamikası da kitabda ətraflı araşdırılmışdır.
Sosial münasibətlərin islahatı daha çox sosial sahələrin bazar iqtisadiyyatı qanunlarının fəaliyyətinə nə dərəcədə tez uyğunlaşmasından, onları həyata keçirərkən hansı obyektiv və subyektiv halların nəzərə alınmasından asılıdır.
Bazar iqtisadiyyatında sosial sektorun təşkili və maliyyələşdirilməsi çoxşaxəli iqtisadiyyat prinsiplərinə əsaslanır, burada dövlət sosial proqramları və sosial xidmətlərin maliyyələşdirilməsində qeyri-dövlət sektorunun fəal rolu nəzərdə tutulur.
İnsanın ətraf mühitə uyğunlaşması prosesləri sosial-iqtisadi transformasiyanın ən mühüm tərkib hissəsidir və mövcud institusional şərait əsasında həyata keçirilir ki, bunlara birincisi, iqtisadi ənənələr, inanclar və düşüncə stereotipləri; ikincisi, iqtisadi resurslara və məhsullara çıxışı, sosial-sinfi və iqtisadi maraqların strukturunu müəyyən edən hakimiyyət və mülkiyyət hüquqlarının bölüşdürülməsi; üçüncüsü, təsərrüfat subyektlərinin formal və qeyri-rəsmi davranış qaydalarını xarakterizə edən təşkilati və institusional şərtlərdir.
Hadi Rəcəblinin haqqında danışdığımız kitabında sosial siyasətin mühüm tərkib hissələri olan səhiyyə, təhsil, turizm, mədəniyyət, şəhər infrastrukturu, o cümlədən ictimai nəqliyyat sahələrinin idarə olunması, tənzimlənməsi və inkişafı məsələləri də ətraflı şəkildə araşdırılmş və nəticələr ümumiləşdirilmişdir.
Monoqrafiyada eyni zamanda məşğulluq, işsizlik, əmək münasibətləri, əməkhaqqı siyasəti problemlərinin təhlilinə də geniş yer ayrılmışdır.
Kitabın "Əməyin və məşğulluğun idarə edilməsi" adlanan V fəslində işsizliyin növləri və səbəbləri, əmək bazarının dövlət tənzimlənməsi, gənclər siyasəti, əmək resursları və inkişaf strategiyası, məşğulluq sosial fenomen kimi, yaşayış minimumu və minimum əməkhaqqının tənzimlənməsi məsələləri sistemli bir ardıcıllıqla təhlil edilmişdir.
Monoqrafiyanın VI fəslində sosial müdafiənin konseptual əsaslarının müxtəlif istiqamətləri şərh edilir, sosial müdafiənin əsasları, mahiyyəti və metodları, sosial müdafiənin prinsipləri və funksiyaları, sosial müdafiə orqanlarının fəaliyyəti, əhalinin həssas qruplarının sosial müdafiəsi istiqamətləri öz əksini tapmışdır.
Müasir əmək bazarı yüksək texnologiyalı istehsalın tələblərinə cavab verən peşəkar və şəxsi səriştələrə malik kadrların formalaşdırılmasını tələb edir. Bu, bizi mövcud kvalifikasiya sisteminin inkişafı və təkmilləşdirilməsi üçün yeni yanaşmaların tapılması zərurəti qarşısında qoyur. Elm və Təhsil Nazirliyi özünün əsas vəzifəsini peşə təhsili modelini cəmiyyətin və dövlətin nəinki cari, həm də gələcək tələbatlarına cavab verəcək şəkildə daha da təkmilləşdirməkdə görür. Kadr hazırlığında tədris prosesinin texnoloji və metodik cəhətdən yaxşı işlənmiş praktiki hissəsi mühüm əhəmiyyət kəsb edir. Ölkədə yeni texnologiyaların inkişafı və davamlı olaraq istehsalata tətbiqi ilə təhsilli mütəxəssislərə tələbat artır.
İndi informasiya texnologiyaları əsrində yaşayırıq. Hansı cəmiyyət texnoloji yeniliklərə daha çox açıqdırsa, daha çox bu yeniliklərdən bəhrələnib gündəlik həyatına uğurla tətbiq edirsə, o cəmiyyət öz həyatını daha da asan, maraqlı və təminatlı edir. Bu baxımdan monoqrafiyanın XI fəsli çox aktualdır. "Müasir cəmiyyətin informasiyalaşdırılması kontekstində sosial idarəetmə" adlanan bu fəsildə informasiyanın istehsalı, yayılması, təşkili və investisiyası ilə bağlı bütün fəaliyyətlər, tədbirlər və təcrübələr haqqında məlumat verilir. Kitabda doğru olaraq göstərilir ki, bu sektor milli gəlirin, gələcək əmək bazarının, yeni peşələrin və struktur transformasiyanın əsas mənbəyini təşkil edir. ABŞ-də informasiya sektoru milli gəlirin və iş imkanlarının təxminən yarısını istehsal edir. Avropanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatları göstərir ki, onların milli gəlirlərinin təxminən 40 faizi yetmişinci illərin ortalarında informasiya fəaliyyətindən qaynaqlanırdı. İnformasiya cəmiyyəti haqqında anlayışların çoxluğuna baxmayaraq, qeyd etmək olar ki, informasiya cəmiyyəti əsas diqqəti inkişaf məqsədlərinə xidmət edən informasiyanın istehsalına, əldə edilməsinə və istismarına, mexanizmlərin işlənib hazırlanması və onun vasitəsilə idarə olunmasına yönəldir.
İnformasiya müəyyən bir obyekt haqqında biliklərimizin qeyri-müəyyənlik dərəcəsini azaldan bütün məlumatlardır. İnformasiya texnologiyaları (İT) informasiyanın formalaşdırılması, təşkili, emalı, yayılması və istifadəsi məqsədilə məlumatın çevrilməsi prosedurları sistemidir.
Professor Hadi Rəcəblinin monoqrafiyasının sonuncu - XII fəsli də olduqca aktual və maraqlı bir məsələyə - insan kapitalının inkişafı siyasətinə həsr olunmuşdur. Bu fəsil elə belə də adlanır: "İnsan kapitalı və resursları". Bu fəsildə insan kapitalı, onun konsepsiyası və istifadə xüsusiyyətləri, demoqrafiya siyasəti, sosial inkişafın əhali aspektləri, insan resurslarının əsas xüsusiyyətləri və növləri, insan kapitalının idarə edilməsi sistemi və formaları ətraflı tədqiq edilmişdir.
Müasir dünyamızda həyatın bütün sahələrində intellekt rəqabəti gedir. İnsan kapitalı ölkələrin bugünü və sabahına hədəflənmış ən qiymətli və tükənməz sərvət hesab olunur.
İnsan kapitalı anlayışı işçi qüvvəsi artımının çox olduğu ölkələrdə nisbətən daha böyük əhəmiyyət kəsb edir. Bu ölkələrdə təbii olaraq daha çox məşğulluq var, çünki verilən iqlim şəraitində daha yüksək doğum nisbəti var. Bu ölkələrdə izafi əmək, maddi kapital resursundan daha zəngin insan resursudur. Bu insan resursu təhsil, səhiyyə və mənəvi dəyərlərdən təsirli girişlərlə insan kapitalına çevrilə bilər. Hər bir ölkədə insan inkişafının qiymətləndirilməsi üçün statistik göstərici insan inkişafı indeksidir. Bu, "gözlənilən ömür indeksi", "təhsil indeksi" və "gəlir indeksi"nin məcmusudur. Gözlənilən ömür indeksi ölkədə əhalinin sağlamlıq səviyyəsi ilə bağlıdır. Təhsil göstəricisi əhalinin təhsil səviyyəsini və savadlılıq səviyyəsini aşkar edir. Gəlir göstəricisi əhalinin həyat səviyyəsi ilə müəyyən edilir. İnsan kapitalı sağlamlıq, təhsil və həyat keyfiyyəti ilə ölçülür. Odur ki, insan inkişafı indeksinin komponentləri, yəni gözlənilən ömür indeksi, təhsil indeksi və gəlir indeksi ölkə daxilində insan kapitalının formalaşması ilə birbaşa bağlıdır.
Professor Hadi Rəcəblinin "Sosial sahələrin idarə edilməsi" monoqrafiyası universitet tələbələri üçün nəzərdə tutulsa da, kitabdan bu sahə ilə bağlı tədqiqat aparan doktorantlar, elmi işçilər, habelə müvafiq icra hakimiyyəti orqanının mütəxəssisləri və geniş oxucu kütləsi də istifadə edib faydalana bilər.
Monoqrafiya həm də onunla əlamətdardır ki, bu dəyərli əsər müəllifin 75 illik yubileyi ərəfəsində işıq üzü görüb və hörmətli
Hadi müəllimin öz-özünə ən gözəl təbriki, onu tanıyıb sevən insanlara isə ən qiymətli hədiyyəsidir.
Uzun illər Milli Məclisdə birgə çalışdığımız hörmətli professor Hadi Rəcəblini bu gözəl əsər münasibətilə, eləcə də yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun illər belə gümrah, sağlam və rahat ömür sürməyi, yazıb- yaratmağı arzu edirəm.
Musa QULİYEV,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri