İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib.
Təqdimatda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır. Ölkənin perspektivli iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Nazir əlavə edib ki, gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır: “Əminəm ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində “yaşıl enerji” zonası, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”, “ağıllı şəhər”lər, “ağıllı kənd”lər yanaşmalarının tətbiqi, minlərlə hektar sahədə meşələrin bərpası 2050-ci ilə qədər “netto sıfır emissiya” hədəfinə çatmaqda böyük rol oynayacaq”.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na toxunaraq Azərbaycanda 2026-cı ilə qədər əhalinin içməli su ilə təminat səviyyəsinin 70 faizdən 85 faizə, suvarma suyu ilə təminat səviyyəsinin isə 80 faizdən 90 faizə çatdırılacağını bildirib. O qeyd edib ki, sənədə əsasən, yaxın 4 ildə ölkədə “yaşıl örtük”ün payı 12 faizdən 12,3 faizə, elektrik enerjisi istehsalında alternativ mənbələrdən istifadənin 17,3 faizdən 24 faizə çatdırılması, istifadəyə yararsız torpaqların isə payının 25 faizdən 15 faizə qədər endirilməsi planlaşdırılır.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, kənd təsərrüfatı fəaliyyəti ətraf mühit amilləri və təbii resurslardan bilavasitə asılıdır: “Odur ki, ətraf mühitin mühafizəsi, eləcə də Yaşıl Konsepsiyanın tətbiqi sahə olaraq aqrar fəaliyyətə də öz müsbət töhfəsini verməkdədir. Eyni zamanda, aqrar siyasəti yürüdən qurum olaraq gördüyümüz işlərdə ətraf mühitə dost yanaşmanı hər zaman prioritet olaraq dəstəkləyirik”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, “Yaşıl iqtisadiyyat” monoqrafiyasının əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən nəşrə tövsiyə olunan monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir.
Üç bölmə və yeddi fəsildən ibarət olan monoqrafiya iqlim dəyişikliyi və davamlı inkişaf, iqtisadi inkişafın ekoloji hüdudları, “yaşıl şəhərlər” üçün “yaşıl iqtisadiyyat”, enerji səmərəliliyi: Dünya alternativlər axtarışında, maliyyə və “yaşıl qərarvermə”, Azərbaycanda “Yaşıl iqtisadiyyat”: Mövcud durum və perspektivlər , “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi, “yaşıl artım” və kənd təsərrüfatı: Çağırışlar və imkanlar mövzularını əhatə edir.
Kitabda xüsusən də işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlərə geniş yer ayrılıb. Həmçinin “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi imkanları ilə bağlı aparılan tədqiqata da yer verilib.
Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlıdır. Müəllifləri Ramil Hüseyn, Rəşad Hüseynov, Rəşad Həsənov, Coşqun Cəfərov və Aminə Bayramova olan monoqrafiyaya akademik Urxan Ələkbərov və professor Nazim İmanov rəy verib.
Monoqrafiya Azərbaycanda “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanması üçün nəzərdə tutulub. Bu kitabdan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr də faydalana bilərlər.