Ötən əsrin sonlarından etibarən ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərib.
Bəşəriyyəti narahat edən qlobal ekoloji problemlərə iqlim dəyişmələri, atmosfer havasının çirklənməsi, su ehtiyatlarının azalması, bərk məişət tullantılarının, xüsusilə plastik tullantıların düzgün idarə olunmamasını misal göstərmək olar.
Müasir dövrdə demoqrafik artım, iqtisadiyyatın, o cümlədən, sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, nəqliyyat vasitələrinə tələbatın artması, paralel olaraq enerji daşıyıcılarına və resurslara olan tələbatı da kəskin şəkildə artırıb.
Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi əsas prioritetlərdəndir. Bu sahənin inkişafı ilə əlaqədar bir çox strateji sənədlər qəbul edilərək həyata keçirilməkdədir. Sahə üzrə əsas strateji sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”dir.
Digər tərəfdən ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli də ölkə üçün prioritetdir. Bunun bariz nümunəsidir ki, müstəqillik bərpa olunandan sonra Azərbaycan Respublikası 20-dək çoxtərəfli ekoloji razılaşmalara qoşulub, ətraf mühitin mühafizəsi, qorunması və bərpası üzrə müxtəlif Qanunlar, Qanunaltı aktlar, texniki-normativ sənədlər və digər normativ-hüquqi aktlar qəbul edilib.
Qeyd olunanlarla yanaşı cari ilin 2 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Bunlar Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlı prioritetlərdir. Göründüyü kimi, növbəti onillik üçün ölkənin Milli Prioritetlərinə həm iqtisadi artım, həm də təmiz ətraf mühit məsələləri daxildir.
AZƏRTAC ekspertlərə istinadən bildirir ki, bununla əlaqədar, iqtisadi artımı zəiflətmədən, hətta əksinə stimullaşdıraraq ekoloji problemlərin və ətraf mühitə təsirin azaldılması üçün Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalata (RSTİ) keçid ölkəmiz üçün olduqca aktualdır. RSTİ kompleks tədbirlərin həyata keçirilməsi hesabına istehsalat fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib ki, bu da iqtisadi, ekoloji və sosial faydalar əldə etməyə imkan yaradır. RSTİ-nin əsas məqsədləri resurs səmərəliliyi, tullantıların əmələ gəlməsinin minimallaşdırılması və insanların rifahının yaxşılaşdırılmasıdır.
Qeyd edilməlidir ki, ölkəmizdə bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müvafiq fəaliyyətlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, 2013-2017-ci illərdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın ekolojiləşdirilməsi” proqramı (EaP GREEN) çərçivəsində Azərbaycanda iqtisadiyyatın “yaşıl” formasına keçid prosesini sürətləndirməyə dəstək göstərilib, fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə EU4Environment proqramına start verilib. Proqram Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda təbii kapitalın qorunması və daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımı stimullaşdırmaq məqsədi daşıyır. 2019-2022-ci illəri əhatə edəcək proqram çərçivəsində tərəfdaş ölkələr tərəfindən müəyyənləşdirilmiş nəticələrin əldə edilməsinə 5 icraçı təşkilat- OECD, UNECE, UNEP, UNIDO və Dünya Bankı cəlb edilib.
Proqram çərçivəsində KOB-ların Resurs Səmərəliliyi Təmiz İstehsalata keçidinin dəstəklənməsi üçün UNIDO təbliğat və Milli potensialın artırılması fəaliyyətlərini davam etdirməkdədir. Bundan əlavə, UNIDO müəssisələr, hökumət və vətəndaş cəmiyyəti institutları arasında Dairəvi İqtisadiyyatın imkanlarını və üstünlüklərini artırmaq üçün dairəvi dəyər zəncirlərinin yaradılmasına dəstək ola biləcək imkanları müəyyənləşdirməkdədir.
EU4Environment proqramının “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” çərçivəsində UNIDO Azərbaycanda “KOB-lar arasında Resurs Səmərəli Təmiz İstehsalat”ın miqyasını genişləndirərək KOB-ların fəaliyyətində RSTİ və eko-innovasiya yanaşmalarından istifadə potensialının artırılması üzərində işləməyi nəzərdə tutur. Azərbaycanda təxminən 35 müəssisəyə biznes modellərinin yenidən işlənməsinə köməklik göstəriləcək. RSTİ metodologiyasının tətbiqi məhsuldarlığı, məhsul keyfiyyətini və KOB-ların rəqabət qabiliyyətini artırmağa kömək edəcək. Bu kontekstdə RSTİ klublarının dəstəklənməsi, dairəvi iqtisadiyyatın tətbiqi, yerli ekspertlərin təlimi, müəssisələrdə RSTİ qiymətləndirilməsi, məlumatlılığın artırılması, bilik mübadiləsi və s. kimi fəaliyyətlərin icrası planlaşdırılır.