Azərbaycanda bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirilir. Ölkəmiz "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edib. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və zəngin təcrübə kimi amillər tanınmış enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.
Xarici investorlar Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub.
Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var və onlar ardıcıllıqla həyata keçirilir. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müəyyən təhlillər aparılır.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası 10 min kvadratkilometr ərazini əhatə edir. Buraya daxil olan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılmış dəqiq təhlil nəticəsində aydın olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.
Eləcə də Xəzər dənizinin nəhəng potensialı var, artıq hesablama aparılıb. Belə ki, Xəzərin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Bu, nəhəng həcmdir. Təbii ki, həmin ehtiyatlar "yaşıl enerji" zonasının yaradılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi qarşısında yaşıl işıq yandırır.
Cari il iyunun 1-4-də keçirilən Bakı Enerji Həftəsındə bərpaolunan enerji məsələsi müzakirə edilən əsas mövzulardan biri idi. Bu da təsadüfi deyil. Çünki dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutların müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Qeyd edildiyi kimi, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Azərbaycan, xüsusilə, bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr reallaşdırır. Prezdent İlham Əliyevin Bakı Enerji Həftəsınin iştirakçılarına ünvanladığı məktubunda bu barədə belə deyilir: "Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz "yaşıl artım" ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir. Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpaolunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb".
Prezidentimiz qeyd edib ki, regionda enerji təhlükəsizliyi, diversifikasiyası və "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığımızı daha da genişləndirməliyik. Perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir.
Bərpaolunan enerjinin böyük bir faydası da odur ki, qaza qənaət etməyə imkan verir. Odur ki, bu sahəyə nə qədər çox sərmayə qoyulacaqsa, bir o qədər mavi yanacağa qənaət ediləcək və onun ixracı artacaq.
27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı çıxışında dövlətimizin başçısının dediyi kimi: "Beləliklə, bütün bu amillərin vəhdəti, o cümlədən enerjinin səmərəliliyi və bizim şəbəkəmizdə itkilərin aradan qaldırılması Azərbaycandan qaz ixracının artırılması ilə nəticələnəcək. Bu, bizim hədəfimizdir və əminəm ki, biz buna nail olacağıq. Çünki bu günədək planlaşdırdıqlarımızın hamısı reallaşıb. Yalnız neft və qaz sahəsində yox, hökumətimiz bütün planlarına nail olub. Biz bütün bunlara maksimal dərəcədə səmərəliliklə nail olmuşuq".
Xatırladaq ki, Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və onun Avropaya ixracını planlaşdırır. Zəngəzur dəhlizi də fəaliyyətə başlayandan sonra yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər.
Dünyanın neft-qaz və enerji sənayesinin inkişafında xüsusi yeri olan Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsi və xarici sərmayədarlar üçün əlverişli şərait yaratması ölkəmizin mövqeyini daha da gücləndirir.
"Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub", - deyir Prezidentimiz.